• office@azexport.az

Xidmətlərimiz

e-Rezident nədir?

«e-Rezidentlik» bütün qeyri-rezidentlərə dövlət tərəfindən verilmiş virtual kimlik və elektron imza əsasında daha sonra Azərbaycan Respublikası ərazisində, onlayn şirkət qeydiyyatı, şirkətin onlayn idarə olunması və digər elektron xidmətlərdən istifadə imkanı yaradır və bununla da sahibkarlıq fəaliyyətinin bütün dünya üzrə sərbəst aparılmasına şərait yaradır.

Azərbaycan sahibkarlıq fəaliyyətini yerindən asılı olmayaraq onlayn şəkildə idarə etməkdə maraqlı olan hər kəsə bu imkanı təklif edən ilk ölkələrdən biridir. e-Rezidentlik əlavə olaraq etibarlılığı onlayn şəkildə təmin edən təhlükəsiz və rahat rəqəmsal xidmətlərdən istifadəyə imkan verir.

e-Rezidentlər:

  • • Sənədləri və müqavilələri rəqəmsal qaydada imzalaya bilərlər;
  • • İmzalanmış sənədlərin həqiqiliyini yoxlaya bilərlər;
  • • Sənədləri təhlükəsiz qaydada şifrələyə və göndərə bilərlər;
  • • Bir gün ərzində Azərbaycanda şirkət təsis edə bilərlər. Əgər Azərbaycanda fiziki ünvan tələb olunursa, bu xidməti təklif edən şirkətlərin xidmətlərindən istifadə etmək mümkündür;
  • • Şirkəti dünyanın istənilən yerindən idarə edə bilərlər;
  • • e-Bankçılıq və online pul transferlərini həyata keçirə bilərlər. Azərbaycanda bank hesabının açılması hazırda bankda şəxsən iştirakı tələb edir;
  • • Azərbaycan vergi orqanlarına vergi bəyannamələrini onlayn təqdim edə bilərlər. e-Rezidentlik avtomatik qaydada vergi rezidentliyini yaratmır. Vergi haqqında bilgi əldə etmək və ikiqat vergitutmaya yol verməmək üçün vergi peşəkarlarına müraciət edin.

Bütün bu xidmətlər on illər ərzində Azərbaycan vətəndaşına göstərilmişdir. e-Rezidentlərə eyni xidmətləri təklif etməklə, Azərbaycan fəxrlə sərhədsiz biznes imkanlar və sərhədsiz ölkə ideyasını həyata keçirir.

e-Rezidentlər e-İmza (açar daşıyıcısı olaraq e-Token və ya SIM kart ( Mobil imza - Asan İmza)) əldə edirlər.

e-İmza

  • • Xidmətlərə təminat vermək üçün rəqəmsal identifikasiya və təsdiqləməni təmin edir;
  • • Sənədlərin rəqəmsal imzalanmasını təmin edir;
  • • Sənədlərin həqiqiliyinin rəqəmsal yoxlanmasını təmin edir;
  • • Sənədləri şifrələyir;
  • • 100-dən çox e-hökumət xidmətindən istifadə imkanı.

Azərbaycanın “e-Rezidenti” olmaq istəyən qeyri–rezidentlər elektron imza sertifikatlarını təqdim edən sertifikat xidmətləri mərkəzlərindən birinin elektron imza sertifikatını əldə etməlidirlər. Hal-hazırda Azərbaycanda təkmil elektron imza sertifikatı təqdim edən iki mərkəz fəaliyyət göstərir:

1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat-Hesablama Mərkəzi – MSXM (açar daşıyıcısı olaraq e-Token);

2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi - ASXM (açar daşıyıcısı olaraq SIM kart (Mobil İmza – Asan İmza)).

Hər iki mərkəz Milli-Sertifikat Xidmətləri Mərkəzində Akkreditasiyadan keçmişdir və təkmil elektron imza sertifikatı təqdim edir.

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.

Təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə gücləndirilmiş imza şəxsin kağız daşıyıcı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur.

e-Biznes reyestri sahibkarlara öz yeni bizneslərini onlayn şəkildə bir neçə dəqiqə ərzində, notariata yaxud digər orqanlara getmədən qeydiyyatdan keçirməyə imkan verən təkmil və təhlükəsiz alətdir.

Funksiyaların siyahısı:

  • • Yeni şirkətin internet üzərindən qeydiyyatdan keçirilməsi;
  • • Biznes reyestrində məlumatlara dəyişiklik edilməsi;
  • • Rüblük və illik hesabatların təqdim edilməsi;
  • • Digər şirkətlər barədə ətraflı məlumatın əldə edilməsi.

Şirkətlərin qeydiyyatı

Şirkəti qeydiyyatdan keçirmək üçün yalnız e-İmza tələb olunur:

  • Addım 1: Sahibkar e-İmzadan istifadə etməklə portala daxil olur.
  • Addım 2: O zəruri məlumatları daxil edir.
  • Addım 3: Təsisçi yaxud təsisçiləri sənədləri elektron qaydada imzalayır.
  • Addım 4: Haqlar və nizamnamə kapitalı internet vasitəsilə ötürülür.
  • Addım 5: Sahibkar yalnız bir düyməyə sıxmaqla müraciəti göndərir.

Qeyri-rezident şəxslər üçün hüquqi şəxsin onlayn qeydiyyatı

Qeyri-rezident şəxslərin Azərbaycan Respublikasına gəlmədən Elektron İmza, o cümlədən Asan İmza sertifikatı vasitəsilə hüquqi şəxsin qeydiyyatı müraciətini onlayn formada bu bölmədən göndərə bilərlər.

Qeyri-rezident şəxslər İnternet vasitəsilə Azərbaycan şirkəti yaratmaq üçün əvvəlcə Elektron İmza sertifikatı əldə etməli (e-Token və ya SIM kart) və bundan sonra müvafiq müraciət ərizəsini bu bölmədən doldura bilər.

Şirkət, bir neçə fiziki şəxs (rezident və ya qeyri-rezidentlər) tərəfindən təsis olunacaqdırsa, onda hər bir şəxs elektron imza sertifikatına malik olmalıdır.

Escrow (Escrow) nədir?

Escrow müəyyən əməliyyatda iştirak edən iki tərəf üçün tələb olunan vəsaitlərin ödənişini həyata keçirən və tənzimləyən maliyyə razılaşmasıdır. O, ödənişin təhlükəsiz Escrow hesabında saxlanmasını təmin etməklə əməliyyatları daha da təhlükəsiz edir. Escrow hesabındakı vəsait yalnız Escrow şirkət tərəfindən nəzarət olunan müqavilənin bütün şərtləri təmin edildikdə satıcıya köçürülürür..

Escrowlar böyük məbləğdə əməliyyatlarda çox faydalıdır. Ödənişin buraxılmasından əvvəl müəyyən öhdəliklər yerinə yetirilməlidir. Bu, xüsusilə, tam ödənişin həyata keçirilməsindən əvvəl alıcı tərəfindən işin keyfiyyətinə dair təsdiqin tələb edildiyi və satıcının ödənişi əldə etdiyinə dair hər hansı təminat olmadan böyük həcmdə işi həyata keçirmək istəmədiyi hallarda mümkündür. Ənənəvi Escrow xidməti çox çətindir və banklar və hüquqşünaslar vasitəsilə əldə olunmalıdır, lakin, escrow.azexport.az portalı uyğun tariflərlə Escrow xidmətləri göstərir. Ödəniş “Escrow”da olduğundan, əməliyyat pul itkisi riski olmadan təhlükəsiz qaydada həyata keçirilə bilər. Bu, bütün hüquqi jarqonları aradan qaldırır və əməliyyatların təhlükəsiz aparılmasına, eləcə də alıcı və satıcıların daha inamlı olmasına imkan verir.

Escrow necə işləyir?

Escrow.com Alıcı və Satıcı razı olduqda vəsaitləri toplayan, saxlayan və paylayan etibarlı üçüncü tərəf kimi çıxış etməklə saxtakarlıq risklərini minimuma endirir.

1. Alıcı və Satıcı şərtlərlə razılaşır – Ya Alıcı, yaxud da Satıcı əməliyyatı başlayır. escrow.azexport.az saytında qeydiyyatdan keçdikdən sonra, bütün tərəflər əməliyyatların şərtlərinə razılığını bildirirlər.

2. Alıcı azexport.az səhifəsinə ödəniş edir – Alıcı təsdiq edilmiş ödəmə metodu ilə ödənişi bizim təhlükəsiz Escrow hesabı escrow.azexport.az səhifəsinə edir və ödənişi yoxlayır, Satıcı vəsaitin “Escrowda” təhlükəsiz saxlandığı haqqında məlumatlandırılır.

3. Satıcı malları Alıcıya göndərir – Ödəmənin yoxlanmasından sonra Satıcıya malı göndərməyə və izləmə məlumatını təqdim etməyə icazə verilir. Escrow.azexport.az Alıcının malı qəbul etdiyini təsdiq edir.

4. Alıcı malı qəbul edir – Alıcının malı yoxlamaq üçün müəyyən edilmiş sayda günü və malı qəbul, yaxud rədd etmək seçimləri vardır. Alıcı malı qəbul edir.

5. Escrow.azexport.az Satıcıya ödəniş edir - escrow.azexport.az Escrow hesabından vəsaiti Satıcıya buraxır.

Əməliyyat tamamlanır – təhlükəsiz və etibarlı şəkildə!

“Bir pəncərə” əsasında ixrac sənədlərinin əldə edilməsi.

“Bir pəncərə” əsasında ixrac sənədlərinin əldə edilməsi, Azexport portalının nəzdində fəaliyyət göstərəcək və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslərlə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibinə və imzalanmasına, habelə real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə imkan verəcək. Beləliklə, daha az resurs sərf etməklə ixrac prosedurlarını daha sürətlə həyata keçirən sahibkarlar bir pəncərə əsasında e-İxracın imkanlarından yararlanacaqlar.

Hazırda e-İxraca inteqrasiya olunan dövlət orqanları real vaxt rejimində məlumat mübadiləsini təşkil edir. e-İxrac aşağıdakı sertifikatların verilməsini təmin edəcək:

- ixrac edilən heyvanlara, heyvan mənşəli məhsullara və xammala beynəlxalq baytarlıq sertifikatının,

- bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının,

- Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı üçün keyfiyyət sertifikatının,

- malın mənşə ölkəsini təsdiq edən sertifikatın,

- kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün icazənin (sertifikatın),

- mədəni sərvətlərin ixracı üçün mədəni sərvətin mühafizə şəhadətnaməsinin,

- dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və videomaterialların, malların (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının ixracına razılıq verilməsini,

- Elektron gömrük bəyannamələrinin doldurulması.

Eyni zamanda, ixrac təşviqinin ödənilməsi üçün müraciətlərin göndərilməsi də portal vasitəsilə həyata keçirildiyi üçün gələcəkdə bu hesablaşmaların aparılması asanlaşacaq.

Elektron sənədlər bölməsi şəxsiyyətin autentifikasiyasını, identifikasiyasını və sənədlərin, o cümlədən transsərhəd sənədlərinin (hesabatların, müqavilələrin, razılaşmaların və s.) Elektron İmza sertifikatları vasitəsilə imzalanmasını təmin edir.

Hazırda portalda hazır şablon üzrə beynəlxalq alqı-satqı müqaviləsi və invoys tərtib edə bilərsiniz.

Bölmə, həmçinin müxtəlif ölkələrin elektron imza sertifikatlarından istifadə etməklə sənədlərin (birtərəfli, çoxtərəfli) rəqəmsal imzalanmasına imkan verir.

Sertifikatı verən orqan bu və ya digər məhsulun ölkə daxilində sərbəst dövriyyədə (satışda) olduğunu həmin sertifikatla təsdiqləyir. Təsdiqləmə üçün məhsula ölkə daxilində müxtəlif qurumlar tərəfindən verilmiş sertifikatların (keyfiyyət, gigiyenik, uyğunluq və s.) və məhsulun hazırda bir neçə ticarət şəbəkəsində satışda olmasını təsdiq edən sənədlərin olması kifayət edir. Sertifikatın verilməsi üçün əlavə heç bir laboratoriya testləri tələb olunmur.

Sertifikatın verilməsi üçün aşağıdakı sənədlər tələb edilir:

  • • Şirkətin qeydiyyat şəhadətnaməsi;
  • • Sərbəst satış sertifikatı tələb olunan malların siyahısı;
  • • Keyfiyyət sertifikatı;
  • • Malların uyğunluq sertifikatı;
  • • (Qanunla nəzərdə tutulduğu halda) malların istehsalı üçün lisenziya;
  • • Beynəlxalq eyniləşdirmə nömrəsi - barkod (əgər varsa);
  • • Ölkə ərazisində malların satışının təsdiqi (2-3 müştəriyə, faktura, çek və ya vergi hesab-faktura).